Huseyn Cavid - 120

DRAM ƏSƏRLƏRİ


Hər ikisi böyük bir intizar içində çəkilib gedir. Bu sırada Şeyx Mərvan ilə Şeyx Nəim görünür.

Şeyx Nəim

(Şeyx Mərvana)

Düşünürsən də həp inildərsən,
Söylə, Mərvan, neçin mükəddərsən?
Həp dəyişdin Mədinədən çıxalı...
Şeyx Mərvan

Sorma, könlüm yaralıdır, yaralı,
Kor olaydı bu tək gözüm də mənim,
Kaş ki, Zəhranı görməyəydi, Nəim!..

Şeyx Nəim

Bu fəsahətlə sən neçin, əcəba,
Onu ram etmədin?

Şeyx Mərvan

Xayır, əsla,
Yoxdu əsla təşəbbüsümdə qüsur,
Kim ki, məyub olursa, rədd olunur*.
İştə çirkinlik öylə bir illət
Ki, dəmadəm qazandırır nifrət.

Şeyx Nəim

Batinin əksidir fəqət zahir.

Şeyx Mərvan

Bir yalan sözdür iştə şöhrətgir.

Şeyx Nəim

Bunca əndişə bisəmər... zira
Şeyx Hadi, Əbülüla, Sədra
Bir-birindən zəki, gözəl insan;
Yenə Zəhraca möhtərəm Sənan!

Şeyx Mərvan
(hiddətli)
Onu xəllaqi-eşqə sormalıdır.

Şeyx Nəim

Xayır, insanda tale olmalıdır.

Şeyx Mərvan

(yola baxaraq, usanmış bir halda)

Əcəba, nerdə qaldılar bunlar?

Şeyx Nəim

Baxalım, bəlkə başqa mane var.

Hər ikisi geri dönür. Bu sırada iki kor ərəb görünərək, birinci suzişli və
tutqun ahənglə ud çalır, ikinci də yaralı səslə hicaz məqamında olaraq aşağıdakı əbyatı oxur.

İkinci kor

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.
Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət...
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.
Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət?
Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.
Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı.

Qəzəl bitmək üzrə ikən dəvəçi qiyafətində bir ərəb sürətlə gəlib keçər.

Birinci kor

Ey keçən arxadaş!..

Dəvəçi

Nədir dərdin?

Birinci kor

Bizə Sənanı göstər, allah için.

Dəvəçi

İmdi əlan o, Məkkədən çıxıyor.

Birinci kor

Bizi bir dərdi-biaman sıxıyor,
Ona Sənan bulur da bəlkə dəva...

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 |